Bunu parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sözügedən komitənin noyabrın 26-da keçirilən iclasının gündəliyinə çıxarılan “Dərman vasitələri haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirələri zamanı dilə gətirib.
Onun qeyd etdiyinə görə, adıçəkilən qanuna 4.1.5-ci maddənin əlavə olunması təklif olunur ki, burada da “dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənməsi” məsələsi öz əksini tapır.
Həmçinin təklif olunur ki, 4.5-ci maddədə “tarifləri” sözündən sonra “və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri” sözləri əlavə edilsin.
Eyni zamanda, qanuna “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”, - məzmununda 4.6-cı maddənin əlavə olunması təklif edilir.
“Hesab edirəm ki, bu dəyişikliklər xırda həcmili olsalar da, böyük və əhəmiyyətli dəyişikliklərdir.
İndiyə kimi rayonlara ayrılan dərman vasitələri ilə bağlı vəsaitlər rayonların büdcəsinə cəmləşirdi. İndi isə, yəni, növbəti ilin büdcəsində bu vəsaitlərin bir əldə cəmləşməsi nəzərdə tutulur. Yəni, bundan sonra Səhiyyə Nazirliyi vasitəsilə bu vəsaitlər ayrılacaq.
Əgər bir rayonda dərmanın qiyməti, məsələn, 5 manata, digər rayonda isə 10 manata idisə, bundan sonra bütün rayonlarda qiymətlər eyni olacaq.
Bu gün gündəliyə çıxarılan qanun layihəsində də əksini tapan dəyişikliklər məhz bu məqsədə xidmət edir. O məqsədə xidmət edir ki, qiymətlər kəlləçarxa çıxmasın”, - deyə komitə sədri bildirib.