Bakıda Beynəlxalq Sənaye Konfransı keçirilir
27 noyabr, 2014 10:24
Konfrans Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev konfrans iştirakçılarını salamlayaraq, Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Nazir bildirib ki, tədbirə 21 ölkənin dövlət qurumları, araşdırma mərkəzləri, sənaye sahəsində fəaliyyət göstərən şirkətləri, həmçinin 22 beynəlxalq təşkilat və maliyyə institutunu təmsil edən 300-dən çox iştirakçı qatılıb.
Konfransda çıxış edən UNIDO-nun biznes investisiyalar və texnoloji xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi konfransın işinə uğurlar arzulayıb və Təşkilatın baş katibi Li Yonqun tədbir iştirakçılarına ünvanlanmış video müraciətini təqdim edib.
BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk çıxışında Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlar əldə etdiyini və bunun yükək qiymətləndirildiyini vurğulayıb, konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinə əhəmiyyətli töhfə verəcəyini qeyd edib.
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel isə çıxışında iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdiyini, Beynəlxalq Sənaye Konfransının sənaye sahəsində əlaqələrin genişləndirilməsində rolunu qeyd edib.
Konfrans çərçivəsində Azərbaycan hökuməti və UNIDO arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı imzalanıb. Sənədi iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və UNIDO rəsmisi M.-L.Daoi imzalayıblar.
Sonra Bakı Beynəlxalq Sənaye Konfransı “Müasir sənaye siyasəti və sənayenin dayanıqlı inkişafı” mövzusunda panel sessiyada işini davam etdirib.
Sessiyada nazir Ş.Mustafayev Azərbaycan sənayesi, əldə olunmuş uğurlar, ölkənin sənaye potensialı və inkişaf perspektivləri barədə məlumat verib. O bildirib ki, sənaye əksər ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadiyyatın prioritet istiqamətlərindəndir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, zəngin təbii ehtiyatlar, enerji və nəqliyyat infrastrukturu, yüksək ixtisaslı kadrlar, maliyyə, beynəlxalq bazarlara çıxış imkanları, institusional potensial və s. ölkə sənayesinin sürətli inkişafına tam əsas yaradır:
“Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası və iqtisadiyyatda xüsusi çəkisinin, eləcə də ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, bilik iqtisadiyyatının yaradılması, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir”.
Konfransda İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Кalamanov, Səudiyyə Ərəbistanı İnvestisiya Baş İdarəsinin direktor müavini Qada Alsubai, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov, MDB-nin icraçı katibinin müavini Sergey İvanov sessiyadakı çıxışlarında təmsil etdikləri ölkələrin və qurumların sənaye siyasəti, əldə edilən uğurlar, inkişaf istiqamətləri və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıblar.
İki gün davam edəcək Beynəlxalq Sənaye Konfransının ikinci günü “Azərbaycanda investisiya imkanları və sənayenin hərtərəfli və davamlı inkişafı üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda panel sessiya keçiriləcək, yerli və xarici biznes nümayəndələri arasında işgüzar görüşlər təşkil olunacaq, tədbir iştirakçıları Sumqayıt Kimya Sənaye və Sumqayıt Texnologiyalar parklarının, “Azgüntex” MMC-nin fəaliyyəti ilə tanış olacaqlar.