ABŞ-da zənci gənci öldürən polis cəzalandırılmadı
25 noyabr, 2014 14:26
“Hürriyet” qəzetinə istinadən xəbər verir ki, 18 yaşlı silahsız zənci Maykl Braunu qətlə yetirən polis Darren Uilsonunun məsuliyyətdən kənar saxlanılmasına dair məhkəmə qərarı Ferqyusonda yeni toqquşmalara səbəb olub.
Məhkəmə heyəti M.Braunun qətli ilə bağlı uzunmüddətli təhqiqatlardan sonra gəldiyi nəticəni açıqlayıb.
9-u ağ və 3-ü zənci üzvdən ibarət olan 12 nəfərlik məhkəmə heyətinin qərarını Robert Makkollak bəzi telekanalların canlı yayımladığı mətbuat konfransında elan edib.
Məhkəmə heyətinin qətl faktı ilə bağlı çox sayda dəlilləri araşdırdığını deyən R.Makkollak bildirib ki, polis əməkdaşı D.Uilson həmin hadisə zamanı səlahiyyət həddini aşmayıb və bu səbəbdən onun məsuliyyətə cəlb olunmaması haqqında qərar qəbul edilib.
Buna münasibət bildirən ABŞ prezidenti Barak Obama məhkəmə heyətinin qərarını qəbul etməli olduqlarını deyib.
Lakin məhkəmə heyətinin qərarının açıqlanmasından sonra hadisənin baş verdiyi Ferqyusonda və digər şəhərlərdə etiraz aksiyaları başlayıb.