Noyabrın 6-da Giresun Universitetində “Qarabağ Guşəsi” adı ilə açılan guşədə Qarabağ problemi, uydurma erməni iddiaları, Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycanın keçdiyi inkişaf yolu, Cənubi Qafqazdakı etnik münaqişələr, problemlər və əməkdaşlıq imkanları barədə kitablar, mövzu ilə bağlı məqalələrin dərc olunduğu jurnallar və elektron resurslar nümayiş etdirimişdir.
Guşənin açılışında QAFSAM-ın sədri Araz Aslanlı, universitetin nəzdindəki Qaradəniz Strateji Araşdırmalar Mərkəzinin (KARASAM) sədri Yalçın Sarıkaya, universitetin tələbələri iştirak etmişdir. Guşənin açılışı Giresun Universitetində keçirilən beynəlxalq Qara dəniz konfransı ilə eyni tarixlərdə baş tutmuşdur. Qeyd edək ki, bu beynəlxalq konfransda Türkiyədən və 12 digər ölkədən (ABŞ, Rusiya, Azərbaycan, İran, Ukrayna, Gürcüstan, Rumınya və s.) 50-yə yaxın alim iştirak etmişdir. Giresun Universitetindəki Qarabağ guşəsinin əsərləri 2 gün boyunca konfransın keçirildiyi zalın girişində sərgilənmişdir. Bu da guşədəki əsərlərlə daha geniş kütlənin tanış olmasına imkan yaratmışdır.
Giresun Universitetindəki “Qarabağ Guşəsi” universitetin rektoru Professor Aygün Attar, Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan Kooperasiya Universitetinin Rektoru, Professor Eldar Quliyev, Ukrayna Hüquq Universitetinin Rektoru Yuriy Boşitski, Qaradəniz Texniki Universitetinin Professoru Hayati Aktaş, Gürcüstandakı Cənubi Qafqaz Regional Təhlükəszilik İnstitutunun Direktoru Aleksandr Rusetski, Amerikalı tədqiqatçı Aleksandr Murinson, Zaporojye Beynəlxalq Universitetinin Professoru Maksim Lepskiy, Avrasya Ekonomik İlişkilər Dərnəyinin Sədri Hikmet Eren, Rumınyadakı İqtisadi Tədqiqatlar Akademiyasının üzvü Nilgün İsmayıl və digərləri tərəfindən ziyarət edilmişdir. Onlar guşədə nümayiş etdirilən əsərləri incələmiş, guşə və əsərlər barədə məlumat almışdır.
Qeyd edilmişdir ki, guşə ilkin olaraq KARASAM ilə əməkdaşlıq çərçivəsində açılsa da yaxın zamanlarda universitetin kitabxanasında guşə üçün xüsusi daimi yer ayrılması ilə bağlı hazırlıqlar görüləcəkdir. Məhz univesitetin kitabxanasında daimi xüsusi yerin bu guşəyə ayrılması guşədəki əsərlərin universitetin müəllim-tələbə kollektivinin diqqət mərkəzində olmasına səbəb olacaqdır.
Xatırladaq ki, Giresun Universiteti 2006-cı ildə qurulsa da universitetdə 30-a yaxın ölkədən 15 min tələbə təhsil alır. Artıq 7 ildir ki, universitetdə beynəlxalq münasibətlər ilə bağlı 10-dan çox ölkədən nüfuzlu alimlərin və siyasətçilərin iştirakı ilə beynəlxalq konfranslar keçirilir. Bu universitetdə informasiya guşəsinin açılması Azərbaycanın haqlı mövqeyinin təbliği və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından faydalı olacaqdır. QAFSAM ilə universitet arasında razılıq əldə edilmişdir ki, layihənin başa çatmasından sonrakı mərhələdə də Giresun Universitetindəki informasiya guşəsi daimi olaraq yeni ədəbiyyatlarla təmin edilsin.