Bu barədə bu gün keçirilən mətbuat konfransında xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun müdiriHəsən Həsənli bildirib.
Onun sözlərinə görə, 2015-2020-ci illər üzrə olacaq Dövlət Proqramında bəzi yeniliklər olacaq:
“Belə ki, yeni proqramda bakalavriatdan sonrakı səviyyələrdə təhsil alan, elm sahəsində çalışan gənclərə üstünlük veriləcək. Bundan əlavə, Dövlət proqramı çərçivəsində xaricə göndəriləcək azərbaycanlı gənclərlə yanaşı, xarici tələbələrin də Azərbaycanın ali məktəblərinə cəlb edilməsi nəzərdə tutulub”.
Bundan başqa, sektor müdiri 2014-2015-ci tədris ili üçün də Dövlət proqramı çərçivəsində keçirilən müsabiqənin başa çatdığını bildirib.
Onun sözlərinə görə, yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərlə nisbətən fərqləndirici akademik göstəricilərin sayı daha çox olub. Sektor müdiri qeyd edib ki, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsabiqələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib:
“Gələn il azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin gələn il Dövlət Proqramı başa çatır”.