Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir.
Bu siyasətə uyğun olaraq, görülmüş işlərin nəticəsində son illər ÜDM-nin artımı qeyri-neft sektoru hesabına təmin edilib, rəqabətədavamlı məhsul istehsalı artıb. Ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin inkişafına da xüsusi diqqət yetirilib. Bu sahənin inkişafının intensivləşdirilməsi məqsədilə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bu prosesdə dövlət sektoru ilə yanaşı, özəl sektor da fəal iştirak edib. Qeyd edilən tədbirlər çərçivəsində xüsusi diqqət çəkən məqamlardan biri də ölkədə yeni sənaye parklarının yaradılması olub.
Ölkədə sənaye parkının yaradılması
Bu məqsədlə hələ 2002-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Həmin fərmanda ilk dəfə olaraq ölkədə sənaye parkının (şəhərciyinin) yaradılması məsələsi gündəmə gətirilib. Sənaye parkının yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda Abşeron iqtisadi rayonu üzrə həyata keçiriləcək tədbirlərə də daxil edilib. Bununla yanaşı, dövlət başçısının 2008-ci ildə imzaladığı sərəncamlarla təsdiqlənmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda da sənaye parkının yaradılması nəzərdə tutulub. Azərbaycan Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının 2.8.45-ci bəndində isə Balaxanı sənaye parkının yaradılması öz əksini tapıb. Dövlət başçısının 24 aprel 2013-cü il tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilib.
Əhalinin istehsal sahəsində məşğulluğunun artırılması
Ölkədə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması üçün Azərbaycan Prezidentinin 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı (BSP) yaradılıb. Həmin Sərəncamın 5.1-ci bəndinə əsasən BSP-nın fəaliyyəti üçün ARDNŞ-in “Balaxanıneft” Neftqazçıxarma İdarəsinin ərazisindən 7 hektar torpaq sahəsinin İSN-nin istifadəsinə verilməsi müəyyən edilib. Paralel olaraq, ölkə başçısının həmin tarixdə imzaladığı “Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamla İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) BSP-nin fəaliyyətinin təşkili, tənzimlənməsi və inkişafı, xarici və daxili infrastrukturun yaradılması, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi, istehsal və emal olunan sənaye məhsulları üzrəprioritet istiqamətlərin müəyyənləşdirilməsi və sair tapşırıqlar verilib. Ötən müddətdə bu tapşırıqların icrası istiqamətində nazirlik tərəfindən müxtəlif işlər görülüb. Artıq BSP-nin fəaliyyətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, “Təmiz Şəhər” ASC tərəfindən parkda fəaliyyət göstərəcək ilk 2 şirkət qeydiyyatdan keçirilib. Bunlar işlənmiş mühərrik yağlarının emalı ilə məşğul olan “Ekokat” MMC və plastik butulkaların emalı sahəsində fəaliyyət göstərən “Az.Ekol.” MMC-dir.
İnvestorlar üçün əlverişli şərait
Xatırladaq ki, BSP-nin yaradılmasında başlıca məqsəd təkrar istehsal sahəsində maraqlı olan sahibkar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şərait və lazımi dəstək hökumət tərəfindən təmin edilir. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatını asanlaşdırır. Eyni zamanda istehsal edilmiş məhsulun daha əlverişli şərtlərlə bazara çıxarılmasına imkan yaradır. “Yaşıl biznes”ə, xüsusilə tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə sahibkar və investorlar üçün parkda lazımi infrastrukturun yaradılması planlaşdırılır. Belə ki, ərazidə yol salınacaq, elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək. Parkın girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək, lazımi ilkin infrastruktur yaradılacaq. Parkın rezidentləri 7 il ərzində sənaye parkında fəaliyyət göstərdiyi zaman 4 növ vergidən: mənfəət, torpaq, əmlak vergilərindən və idxal olunan avadanlığın əlavə dəyər vergisindən azad olunacaqlar. Rezidentlər sənaye parkında fəaliyyətlə bağlı aşağı icarə qiymətləri ilə istehsalat sexləri, ofis əraziləri, anbarlar və yardımçı sahələri icarəyə götürmək imkanları əldə edəcəklər. Bundan başqa, parkın rezidentləri güzəştli şərtlərlə kredit əldə etmək imkanından da yararlana biləcəklər.
Rəqabət qabiliyyətli sənaye istehsalı
Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə daha bir sənaye parkı Sumqayıtda yaradılıb. Belə ki, Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı (SKSP) həyata vəsiqə alıb. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən SKSP-nin fəaliyyəti üçün ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsinin İSN-nin istifadəsinə verilməsi müəyyən edilib. 2013-cü il oktyabrın 3-də isə Azərbaycan Prezidentinin iştirakı ilə SKSP-nin təməl qoyma mərasimi keçirilib. Qeyd olunub ki, SKSP-nin ərazisi iki hissəyə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarət olacaqdır. Parkın inzibati-sosial zonasında 16 və 20 mərtəbəli iki inzibati bina, Peşə Tədris Mərkəzi, 7 tədris emalatxanası, sərgi-konfrans, ikikorpuslu otel-yataqxana kompleksləri, laboratoriya-tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası və bir sıra digər sosial obyektlər inşa ediləcəkdir. Sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35 - 40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 7 minə qədər yeni daimi iş yerinin açılması gözlənilir. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcəkdir.
İlk zavodlar, ilk uğurlar
Artıq “bir pəncərə” sistemi tətbiq edilən SKSP-da iki rezident - “SOCAR-Polimer” və “Azərtexnolayn” Məhdud Məsuliyyətli cəmiyyətləri qeydiyyata alınıb. Ötən müddət ərzində ərazidə müvafiq tikinti-quraşdırma işlərinə başlanılıb. SKSP-nin Sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın və Peşə Tədris Mərkəzinin tikintisinə start verilib. Sənaye Parkının 1-ci fazasının infrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılıb. Hazırda isə ərazidə SKSP-nin rezidenti “Azertexnolayn” MMC-nin Polad boru zavodu fəaliyyət göstərir. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton müxtəlif diametrli polad borular istehsal olunur. Bununla yanaşı, SKSP-da daha iki zavodun inşası uğurla davam etdirilir. SKSP-nin digər rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən buraya istehsal məqsədilə bütün avadanlıqların gətirilməsi də başa çatdırılıb. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılıb.
Xarici şirkətlərin 20-dən artıq investisiya təklifi
Parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Parkın fəaliyyətinin təşkili istiqamətində layihə-tikinti işləri ilə paralel olaraq təbliğat-təşviqat işləri də aparılır, investorların cəlb olunması, xarici sənaye parkları ilə qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olub və onlar SKSP-nin rezidenti olmaq niyyətini bildiriblər. Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur. Bundan başqa, SKSP-də yeni sənaye müəssisələrinin yaradılması məqsədilə Fransa, Yaponiya, Çin, İtaliya, Almaniya və Avstriyanın müxtəlif təşkilatları, şirkətləri və diplomatik nümayəndəlikləri ilə bir sıra görüşlər də keçirilib. Aparıcı ölkələrin təcrübəsinə əsasən SKSP-nin ərazisində biznes inkubatorların fəaliyyətinin təşkili ilə əlaqədar inkişaf konsepsiyasının layihəsi hazırlanıb. Aparılan danışıqların nəticəsi kimi, sənaye qazlarının istehsalı üzrə tanınan Fransanın “Air Liquied” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında sənaye qazlarının istehsal imkanlarının araşdırılması, potensial alıcıların və yerlərin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Sahibkarların həvəsləndirilməsi üçün stimullaşdırıcı tədbirlər
Sənaye parklarının əhəmiyyətli cəhətləri nəzərə alınaraq, Sumqayıt və Balaxanı ilə bərabər, Pirallahı Yüksək Texnologiyalar Parkı da yaradılıb. Növbəti sənaye parklarının Qaradağ rayonunda, Gəncə və Mingəçevir şəhərlərində yaradılması istiqamətində də iş aparılır. Naxçıvan Muxtar Respublikasında (NMR) da sahibkarlığın dəstəklənməsinin bir yolu kimi sənaye parklarının yaradılmasına başlanılıb. İlk öncə bu sahədə müvafiq qanunvericilik bazası yaradılıb. NMR Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq edilib. Bu Əsasnamə sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm dövlət sənədidir. Sahibkarların həvəsləndirilməsi üçün stimullaşdırıcı tədbirləri də nəzərdə tutan əsasnaməyə görə, iş adamları və özəl şirkətlər sənaye parkında parkın operatoru ilə müqavilə bağlamaqla fəaliyyət göstərə bilərlər. Bunun üçün onlar parkda həyata keçirmək niyyətində olduqları investisiya layihəsi və başqa sənədlərlə idarəedici şirkətə müraciət etməlidirlər.
Qeyd edilən mühüm sənəddə NMR İSN-ə verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.
Yeni layihələr, yeni uğurlar
Sənaye parkının yaradılması uyğun hesab edilən, dövlət, xüsusi, həmçinin bələdiyyə mülkiyyətində olan torpaq sahələri haqqında təkliflərin hazırlanması istiqamətində işlər tamamlanıb bir çox layihələr hazırlanıb. Buna misal olaraq, sənaye parkının nizamnaməsinin, sənaye parkı üzrə operatorun müsabiqə əsasında seçilməsi qaydasının, sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması və onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi qaydalarının, sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarım illik hesabat, habelə öz fəaliyyətinin kənar auditor hesabatının hazırlanması və təqdim edilməsi qaydalarının layihələrini göstərmək olar. Bununla yanaşı, hüquqi və fiziki şəxslərlə operatorun niyyət razılaşmasının nümunəvi formasının, hüquqi və fiziki şəxslərin qeydiyyatdan keçmələri üçün ərizə forması və ona əlavə edilən sənədlərin siyahısının, təqdim olunan investisiya layihəsinin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydalarının, sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydalarının və qeydiyyat şəhadətnaməsinin formasının, sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə müqaviləsinin nümunəvi formasının, birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması qaydalarının layihələri də qısa zamanda hazırlanıb. Naxçıvan-Sədərək magistral avtomobil yolunun 12-ci kilometrliyində 50 hektar ərazidə və Babək rayonunun Araz kəndindəki 20 hektar ərazidə dövlət mülkiyyətinə aid olan torpaq sahələri sənaye parklarının yaradılması üçün təklif olunub.
İqtisadiyyatın hərtərəfli inkişafı üçün dövlət siyasəti
Sadalanan faktlardan bir daha aydın olur ki, ölkə başçısı İlham Əliyevin müəllifi olduğu regionların inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə Azərbaycanın inkişafında bir dönüş nöqtəsi olub, qeyri-neft sektoru xeyli inkişaf edib, yeni-yeni sahibkarlar təbəqəsi formalaşıb, ən müasir, rəqabətə davamlı sənaye müəssisələri, sənaye parkları yaradılıb. Bütün bunlar isə şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, bölgələrdə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə verib. Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasəti iqtisadiyyatımızın, o cümlədən sənayenin inkişafının daha da sürətlənməsini təmin edəcəkdir