Bu barədə Azərbaycana səfərin yekunlarına həsr olunan mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun(BVF) missiya rəhbəri Raca Almarzoqiməlumat verib.
“Özəl sektorda fəaliyyətin genişləndirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, rəqabət və ticarət qarşısındakı maneələrin aradan qaldırılması özəl sektora investisiyaların genişlənməsinə şərait yaradacaq. Özəl sektorun aktivliyi artarsa, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasındakı məqsədlər gerçəkləşdirilə bilər.
Azərbaycan iqtisadiyyatı neftə söykənən iqtisadiyyatdır. Hökumət xərcləri neft gəlirlərindən asılıdır. Hazırda iqtisadiyyat şaxələndirilməyib.
Qısa zamanda iqtisadiyyatın diversifikasiyası özəl sektorun inkişafına rəvac verilməsi üçün əhəmiyyət kəsb edir. Bu neftin təsirlərini azalda bilər”.
R.Almarzoqi bildirib ki, işgüzar mühitin yaxşılaşdırılması iqtisadiyyatın şaxələndirilməsində həlledici əhəmiyyət kəsb edir və dövlət investisiyalarının bazar iqtisadiyyatına əsaslanan özəl yatırımlar ilə əvəz edilməsində zəruridir.
“Prioritet məsələlərə rəqabət və ticarət qarşısındakı maneələrin aradan qaldırılması üçün tədbirlərin görülməsi, həmçinin korrupsiyaya qarşı mübarizə proqramlarının əhatə dairəsinin genişləndirilməsi daxildir”.
O, bildirib ki, Ukrayna hadisələrinin Azərbaycana təsiri məhduddur çünki Azərbaycan əsasən neft ixrac edən ölkədir.