Bu, İqtisadiyyat və Sənaye Nazirliyinin şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün etdiyi tövsiyyələrdən biridir.
Tövsiyyəyə əsasən məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlanılmasına diqqət etməlisiniz.
Bundan başqa məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim olunmasına nail olun.
Qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malların daxil edilməsi sizin haqqınızdır.
Məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olmasına diqqət edin.
Həmçinin göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra təqdim olunmasına nail olmalısınız.
Məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən sizi əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Bildirək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları var. Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.