Ölkələr arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə Həştərxanda və Minskdə görüşlərini məmnunluqla xatırladıb.
O, yüksək səviyyəli görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib. Siyasi, iqtisadi sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın da ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlət başçısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirdi və səfərin səmərəli olacağına əminliyini ifadə edib.
İkitərəfli münasibətlərimizin inkişafı ilə bağlı deyilən xoş sözlərə görə dövlət başçısına minnətdarlığını bildirən Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Həştərxanda və Minskdə keçirilən yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Sergey Şoyqu Xəzər dənizində əməkdaşlıqla bağlı qəbul olunan qərarların əhəmiyyətini vurğuladı. Xəzər dənizi hövzəsində hərbi əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayan nazir bugünkü görüşün də əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.