Azad Rəhimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında məlumat verib.
O bildirib ki, hesabat dövründə ölkəmizdə 120 respublika, 32 beynəlxalq səviyyəli yarış keçirilib, 130 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub. Nazir məlumat verib ki, Azərbaycan idmançıları dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 108 qızıl, 162 gümüş, 283 bürünc olmaqla ümumilikdə 553 medal qazanılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 72 medal çoxdur.
Ötən dövr ərzində Avropa Oyunlarına aparılan hazırlıq işlərindən də danışan Azad Rəhimov deyib ki, hazırda “Bakı-2015” Avropa Oyunları üzrə Əməliyyat Komitəsində 940 nəfər çalışır ki, onların 63 faizini yerli mütəxəssislər və gənclərimiz təşkil edir. Ümumilikdə Komitədə dünyanın 39 ölkəsindən mütəxəssislər çalışırlar.
Nazirin sözlərinə görə, aparılan danışıqlar nəticəsində Avropanın 19, o cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və Avstriya, Avropadan kənarda isə 47 ölkədə Oyunların yayımlanmasına dair razılıq əldə edilib. Bu iş davam etdirilir, ölkələrin sayı daha da artacaq.