Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda IV Beynəlxalq Humanitar Forumun açılışında çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, dünyada baş verən bəzi hadisələr belə forumların keçirilməsini zəruri edir.
“Bakı Beynəlxalq Forumu çox vacib formata çevrilib. Azərbaycan humanitar aspektlərə həmişə böyük diqqət göstərib”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb.
“Mutlimədəniyyətli cəmiyyət, xalqlar arasında dostluq və qardaşlıq dövləti gücləndirir. Bu gün foruma 60-dan çox ölkədən nümayəndə gəlib. Biz yığışıb müzakirə edirik ki, dünyadakı prosesləri necə müsbət istiqamətə yönəldək. Dünyada irqçilik, ayrı-seçkilik artır. Biz bu tendensiyaları narahatlıqla izləyirik. Forumda bu tendensiyaların qarşısının alınması istiqamətində müzakirə aparacağıq.
Bəzən deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Ancaq dünyada multikulturalizmin alternativi yoxdur. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə də bu məsələlər barədə danışmalı, lazım gələndə irad tutmalıyıq. Biz çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, ölkələr, millətlər arasında əlaqələr yaxşılaşsın, dinlərarası dialoq inkişaf etsin”.