Azərbaycanın Polşadakı səfirliyində polyak dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib.
ERtv-yə ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, təqdimatda Varşava Universiteti, Polşa Elmlər Akademiyasının Ədəbi-tədqiqat və İncəsənət institutları və Varşavada yerləşən ali məktəblərin kitabxana bölmələrinin nümayəndələri iştirak ediblər.
Səfir Həsən Həsənov çıxışında səfirlik tərəfindən polyak dilində Azərbaycanın Dağlıq Qarabağ regionu, eposları, Azərbaycan-Polşa əlaqələri, Azərbaycan mədəniyyəti və incəsənəti, mətbəxi, memarlığı, folkloru başlıqlı seriyalarda nəşr edilmiş 27 adda kitab və 8 açıqca haqqında ətraflı məlumat verib.
Diplomat bildirib ki, Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini polyaklara çatdırılması məqsədilə qeyd olunan layihə uğurla həyata keçirilir.
Tədbirin sonunda Varşavada yerləşən ali məktəblərin kitabxanalarında Azərbaycan guşələrinin yaradılması məqsədilə hər bir nümayəndəyə kitablar təqdim olunub.