"Azərbaycanfilm" kinostudiyasının təmiri yönündə məşhur Fransa şirkətlərindən biri ilə aparılan danışıqlar başa çatmaqdadır.
Çox güman ki, gələn ilin əvvəlində həmin şirkət tərəfindən kinostudiyanın əsaslı təmirinə başlanılacaq.
ERtv xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dilə gətirib.
Onun qeyd etdiyinə görə, kinostudiyanın təmirinin əsas təşəbbüsçüsü Heydər Əliyev Fondu və Fondun prezidenti, millət vəkili Mehriban Əliyevadır:
"Həmin fransız şirkəti ilə də danışıqları əsasən Heydər Əliyev Fondu və Fondun prezidenti, millət vəkili Mehriban Əliyeva aparır. Artıq danışıqlar başa çatmaq üzrədir. Çox güman ki, gələn ilin əvvəlindən kinostudiyanın əsaslı təmirinə başlanılacaq. Çünki kinostudiyanın vəziyyəti çox bərbaddır".
Nazir müavini həmçinin, son illər Azərbaycan mədəniyyəti və onun tərkib hissəsi olan kinoya dövlət, ölkə rəhbərliyi tərəfindən ciddi diqqət və qayğı göstərildiyini qeyd edərək, buna konkret misal olaraq cəmi iki il ərzində tikilib istifadəyə verilən Dövlət Film Fondunu göstərib:
"Bu Fond keçmiş SSRİ məkanında - Moskvanı çıxmaq şərti ilə - ən müasir tələblərə cavab verən və ən böyük fonddur. Fondun 65 minlik saxlanc yeri var. Eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan kinosunun inkişafı ilə bağlı Dövlət Proqramı" əsasında xeyli işlər görülüb və bu işlər 2018-ci iləcən, Proqramın 10 illik müddəti başa çatanacan davam etdiriləcək.
Yəni, bu proqramın icrası ilə əlaqədar yaxın illərdə Azərbaycanda kinoteatrların sayı onlarla deyil, yüzlərlə olacaq. Həmçinin, tikintisi başa çatan və ya başa çatmaqda olan mədəniyyət evlərində, saraylarında kinofilm zalları olacaq, orada filmlər nümayiş etdiriləcək. Bununla yanaşı, Azərbaycan kinosu son illərdə 80-ə yaxın beynəlxalq festivalda iştirak edir. Kann kinofestivalının daimi üzvlərindən biriyik".