Moldova Respublikasına bağlı Qaqauz Yerində səfərdə olan millət vəkili Qənirə Paşayeva Qaqauz Yerinin Başqanı Mixail Formuzalla görüşdə Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər verib, onunla fikir mübadiləsi aparılıb.
ERtv xəbər verir ki, Q.Paşayeva deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, türk insanı, ümumən bütün insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
O qeyd edib ki, Qaqauz türklərinin hər zaman azərbaycanlı qardaşlarının yanında olmasını azərbaaycanlılar məmuniyyətlə qarşılayır və bunun hər zaman belə olacağına inanırlar. O Qaqauz Yerində gənc nəsillərə Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgilərin verilməsinin vacibliyini vurğulayıb, səfəri müddətində bir neçə bölgədə bu barədə gənclərlə söhbətlər edəcəyini deyib.
Millət vəkili Qaqauz Yerinin Başqanını Azərbaycanda görməkdən məmnunluq duyulacağını deyib və Qaqauz Yeri və Qaqauz türkləri ilə bağlı yazdığı tanıtım kitabını dekabr ayında tamamlayacağını, Qaqauz türkləri üçün önəmli bir tarixi gün olan 23 dekabrda təqdim etməyi düşündüyünü deyib. Xanım Paşayeva cənab Formuzalı məhz həmin təqdimatda da görmək istədiyini deyib.
Cənab Formuzal öz növbəsində Qaqauz Yeri barədə geniş bilgilər verərək, qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını bir daha vurğulayaraq, Azərbaycanlı iş adamlarının fəaliyyəti üçün Qaqauz Yerində hər cür imkan olduğunu, onları gözlədiklərini deyib.
Qaqauz lideri bütün qurumlar arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirərək, öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd edib.
Q.Paşayevanın hər zaman Qaqauz Yeri və Qaqauz türklərinə böyük sevgi ilə yanaşdığını xatırladan M.Formuzal, onun bir könüllü elçi kimi Qaqauz Yeri və Qaqauz türklərinin dünyada daha geniş tanınmasına, tanıdılmasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib.