Ukraynada son vəziyyət
22 sentyabr, 2014 13:27
Ukraynanın şərq cəbhəsində vəziyyət gərgin olaraq qalır.
ERtv xəbər verir ki, ötən gün Luqanskda nisbətən sakit keçib.
Kommunal xidmətlər şəhərin küçələrini qaydaya salmağa çalışırlar, elektrik təchizatı qismən bərpa olunub. Su verilişi ilə bağlı problem yaşanır.
Separatçılar Luqanskın Stanits kəndi istiqamətində blokpostlarını 152 millimetrlik D-20 qaubitsa-topları ilə gücləndiriblər. Xatırladaq ki, Stanitsa Ukrayna Ordusunun nəzarəti altındadır.
Bu gün səhər saatlarında terrorçular Popasnaya şəhərini atəşə tutublar. Bir neçə yaşayış mənzili dağılıb. Bundan əlavə, Alçevsk, Bryanka, Rovenki və Torez şəhərləri üzərində Rusiyaya məxsus pilotsuz kəşfiyyat təyyarələrinin uçuşu qeydə alınıb.
Donetsk vilayəti
Donetsk şəhər şurasının mətbuat xidmətinin məlumatına görə, ötən gecə gərgin keçib. Kuybışevski rayonu atəşə tutulub. İki dinc sakin yaralanıb, yaşayış evləri və qarajlar dağılıb, su kəməri sıradan çıxıb. Separatçı və Rusiya muzdurlarının Donetsk beynəlxalq hava limanına hücumları ara vermir. Döyüş zamanı tanklardan istifadə olunduğu bildirilir.
Mariupol yenidən Novoazovsk ərazisindən terrorçular tərəfindən atəşə tutulub. Separatçı nişançılar Debaltsevo ətrafındakı Ukrayna postunu atəşə məruz qoyublar. Nəticədə üç nəfər həlak olub.
Ukrayna qoşunları mühasirəyə düşmək təhlükəsi altında qalaraq Rozovka, Yujnokommunarovsk və Jdanovka yaşayış məntəqələrini tərk ediblər. Terrorçular dərhal Jdanovkaya daxil olublar. Ukrayna bayrağı endirilib.
Həmçinin bu gün 28 Ukrayna hərbçisi əsirlikdən azad edilib.