Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.
ERtv xəbər verir ki, həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır.
Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.
1995-ci ildə, dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində isə Prezident Heydər Əliyevin fərmanı ilə sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Mədəniyyət və Turizm Nazirliyindən Gün.Az-a verilən məlumata əsasən, hər il ənənəvi olaraq keçirilən Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunacaq.
2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Bu il də Milli Musiqi Günü münasibətilə Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 nəfər tanınmış musiqiçi və kollektivlər Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Kamera və Orqan Musiqisi Zalı, Dövlət Akademik Opera və Balet Teatrı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayon "Qarabağ" Muğam Mərkəzində keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Azərbaycanlı və xarici musiqiçilərin rəngarəng konsert proqramlarında birgə çıxışları festivalın əsas ideyasını - mədəniyyətlərarası dialoq ideyasını əks etdirir.
Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərin təşkili də planlaşdırılıb.
Festival çərçivəsində musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Mosartın "Fiqaronun toyu" operasının premyerası nümayiş olunacaq. Azərbaycan Dövlət Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konsert təqdim olunacaq.
Festival proqramında Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" adlı elmi-praktik konfrans, "Trio-klassik" ansamblının konsertivə Muğam Ensiklopediyasının təqdimat mərasimi (rus dilində nəşri) keçiriləcək.