İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 34 üzv ölkəsində və təşkilata üzv olmayan onlarla ölkədə aparılan tədqiqat təkcə əhalinin təhsil səviyyəsi haqqında deyil, həm də tələbələrin təhsilinə ayrılan məsrəflər barədə məlumat əldə etmək imkanı yaradıb.
ERtv USA Today nəşrinə istinadən xəbər verir ki, 2012-ci ildə inkişaf etmiş ölkələrdə yetkinlik yaşına çatmış hər üç nəfərdən birinə (2000-ci ildə hər beş nəfərdə birinə) ali təhsil diplomu verilib.
İƏİT üzrə orta hesabla hər bir tələbənin təhsili 13957 dollara başa gəlir.
İƏİT-in məlumatlarına əsasən, Rusiya dünyanın ən təhsilli ölkəsidir. 2012-ci ilədək ali təhsil alan rusiyalıların sayı 53,5%-ə (yetkinlik yaşına çatanlar arasında) bərabər olub. Bu ölkədə bir tələbənin təhsil alması İƏİT üzrə orta göstəricidən iki dəfə ucuz başa gəlir – 7424 dollar.
İkinci yerdə Kanada qərarlaşıb. Bu ölkədə də əhalinin yarıdan çoxu (52,6%) ali təhsil diplomuna malikdir. Bir tələbəyə ayrılan xərcə görə də, Kanada ikinci yerdə gedir - 23225 dollar. Ölkə yalnız ABŞ-dan (26021 dollar) geri qalır.
Üçüncü və dördüncü yerləri müvafiq olaraq Yaponiya (46.6%) və İsrail (46.4%) tutur. Beşliyi ABŞ qapayır (43.1%).
Tədqiqatların yekunu üzrə sonuncu yeri Çin tutub: orada yetkinlik yaşına çatmış əhalinin yalnız 4 faizi ali təhsil diplomuna malikdir.