Bolqarıstan yığmasına Avro-2016 seçmə mərhləsində oyunda məğlubiyyətdən sonra mətbuat konfransını yarımçıq tərk edən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts jurnalistlərdən bunu unutmağı xahiş edib.
ERtv xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən alman mütəxəssis qeyd edib ki, məğlubiyyətə görə hər birimiz emosional və həyəcanlı idik.
“Mətbuat nümayəndələrindən bunu unutmağı xahiş edirəm. Jiurnalist dostlarımdan bir ricam da var ki oyunun təhlili zamanı təkcə bir futbolçunun deyil, ümumilikdə bütün komandanın, hər bir futbolçunun çıxışını diqqət mərkəzində saxlayaq”.
Oyuna münasibət bildirən baş məşqçi vurğulayıb ki, oyuna yaxşı başladıq, məqsədimiz erkən qol vurmaq idi.
“Təxminən ilk 10-12 dəqiqə ərzində 2 qol epizodu yaratsaq da, futbolçularımızın fərdi ustalığının çatmaması ucbatından hesabı aça bilmədik. Rəqibin qapımız qarşısında yaratdığı, demək olar ki, ilk real qol epizodu isə qolla nəticələndi. Sevindirici məqam o oldu ki, hesabda geri düşməyimizə baxmayaraq, cavab qolu vura bildik. Amma bunu mütləq qeyd etməliyəm ki, rəsmi oyunlarda milli komandanın hər bir futbolçusu ikiqat məsuliyyət hiss etməlidir.
Dəfələrlə bildirmişəm ki, beynəlxalq səviyyəli futbolla ayaqlaşa bilmək üçün klublarda da fiziki hazırlığın yüksəldiləməsi istiqamətində daha artıq iş görülməlidir. Milli komandada bir-birini çox yaxşı tanıyan futbolçular çıxış edir. Hətta komandaya yeni qoşulanlar da uyğunlaşma problemi yaşamır”.
B.Foqts güclü təzyiqə məruz qaldıqlarını da etiraf edib:
“Bilirəm ki, hazırda güclü təzyiqə məruz qalmışıq. Azarkeşlər də, AFFA rəhbərliyi də bizdən qələbə gözləyirdi. Çünki bu, birinci oyun olduğu üçün seçmə mərhələyə pozitiv əhval-ruhiyyədə başlamaq baxımından vacib amil idi. Təbii ki, mən də, futbolçular da qələbəyə hazırlaşmışdıq. Təəssüf ki, oyunun sonuna 3 dəqiqə qalmış buraxılan kobud səhv ucbatından həm 1, həm də 3 xaldan məhrum olduq.
İlin sonuna qədər bizi qrupun favorit komandalarına qarşı 3 oyun gözləyir. Arzu edirəm ki, həmin oyunlaradək klublarında məşq edən futbolçular, eyni zamanda, millini də unutmasınlar”.