Bolqarıstan yığması ilə sentyabrın 9-da Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək ilk oyundan əvvəl Azəraycan millisinin bir neçə üzvü mətbuat konfransı keçirib.
ERtv-nin AFFA-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov qeyd edib ki, Bolqarıstan yığması ilə oyun çox vacibdir.
“Final mərhələsinə çıxmaq üçün əsas rəqiblərimizdəndir. Bu səbəbdən də qalib gəlmək istəyirik.
Bolqarıstan yığmasının final mərhələsinə çıxmaq üçün imkanları var. Amma biz də bunu istəyirik. Ona görə də onlarla sonadək döyüşəcəyik. Hələlik görünən odur ki, bizdə motivasiya yaxşıdır. Biz məşqdə bir-birimizə güzəşt etmirik. Amma oyunda necə olacağını hesab göstərəcək.
Azarkeşləri bizə dəstək olmağa çağırıram. Onların hər bir şüarı bizə təsir edir. Artıq rəqib klublar bizim azarkeşlərdən danışır. Bu da yaxşı haldır. Sonadək bizi dəstəkləsinlər”.
Yığmanın hücumçusu Vaqif Cavadov öz növbəsində bildirib ki, oyuna çox ciddi hazırlaşırıq.
“Seçmə mərhələyə necə başlasaq, həmin axarla da davam edəcəyimizlə bağlı ehtimal yüksəkdir. Bütün fikirlərimizi sabah keçiriləcək oyuna yönəltmişik.
Heyətlə bağlı hər şey baş məşqçidən asılıdır. Kimin oynayıb-oynamayacağına o, qərar verir. Bolqarıstan yığmasının bizə yuxarıdan aşağı baxması komandamıza əlavə motivasiya verir. Rusiya və Türkiyə yığmalarına qarşı necə oynamışıqsa, yenə də elə çıxış edəcəyik”.
Xatırladaq ki, Azərbaycan və Bolqarıstan yığmaları arasında görüş sentyabrın 9-da, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.
Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Alon Yefet, köməkçiləri Danny Krasikov və David Elias Bitton olacaqlar.