Bu gün Uelsdə NATO sammiti öz işinə başlayır.
ERtv xəbər verir ki, sammitdə quruma üzv və tərəfdaş ölkələrin liderləri, müvafiq nazirləri iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Böyük Britaniyada səfərdədir.
Sammiti Böyük Britaniyanın baş naziri Devid Kameron açacaq və Əfqanıstana həsr edilmiş iclasla davam edəcək.
Qeyd edək ki, bu il İSAF-ın Əfqanıstanda missiyası başa çatır və sammitdə NATO-nun 2014-cü ildən sonra da Əfqanıstana dəstəyi müzakirə ediləcək.
Tədbir çərçivəsində prezident Pyotr Poreşenkonun iştirakı ilə NATO-Ukrayna komissiyasının iclası olacaq. NATO müdafiə və xarici işlər nazirlərinin də paralel iclası nəzərdə tutulub.
NATO müdafiə nazirlərinin 24 ölkədən olan tərəfdaş dövlətlərin təmsilçiləri ilə görüşdə Azərbaycan da iştirak edəcək.
Sentyabrın 5-də isə NATO müdafiə nazirləri Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla məsləhətləşmələr aparacaqlar.