“Azərbaycan idmanı şanlı qələbələrinə birini də əlavə etdi.
Çinin Nancinq şəhərində yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər”.
ERtv xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Kik-Boksinq Federasiyasının prezidenti Adil Əliyev öz Facebook səhifəsində paylaşdığı son statusunda qeyd edib.
Onun qeyd etdiyinə görə, Azərbaycan qazandığı 12 medalla Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında isə 1-ci yerdə qərar tutub.
A.Əliyev qeyd edib ki, ümumilikdə isə Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst güləş, yunan–Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında 10-cu yeri tutub.
“Beləliklə, 21 idmançıdan 12 idmançımız Vətənə medalla qayıdıb. Başqa sözlə hər iki idmançımızdan biri medal qazanıb. Bu, böyük uğurdur. Müqayisə üçün deyim ki, gənc idmançılarımız bundan əvvəl Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarındakı uğurumuzu Çində yeniləyiblər.
O zaman Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə iştirak etmişdi və komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutmuşdu. Bu iki olimpiada arasındakı müqayisə də göstərir ki, biz idman arenasında mövqelərimizi nəinki qoruyur, getdikcə həm medalların sayını artırırıq, həm də yeni idman növlərində mübarizəmizi gücləndiririk.
Bu gün qələbə qazanan gənc idmançılarımız gələcəyin olimpiya ümidlərimizdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin idmana qayğısı, xüsusi inkişaf proqramlarının icrası və dövlətin dəstəyi öz bəhrəsini verir”, - deyə A.Əliyev daha sonra qeyd edib.