Almaniyalı türk rejissor Fatih Akının qondarma “erməni soyqırımı”na həsr etdiyi film dövriyyəyə buraxılıb.
ERtv “Milliyet” qəzetinə istinadən xəbər verir ki, F.Akın 71-ci Venesiya Film Festivalında “Qızıl şir” uğrunda yarışan və Mardində 1915-ci il hadisələrində ailəsini itirən erməni dəmirçinin həyatını təsvir edən “The Cut” (“Kəsik”) filminə görə Türkiyədəki bəzi milliyyətçi qruplardan ölüm təhdidləri almaqdadır.
Türkiyədə ekranlara çıxmazdan əvvəl ölkənin milliyyətçi dairələrinin kəskin hiddəti ilə qarşılanmış “Kəsik” filmi artıq Venesiya Film Festivalında nümayiş etdirilib.
Osmanlı dönəmində 1915-ci il hadisələri zamanı iki qızını itirən erməni dəmirçinin axtarışlarını əks etdirən filmin nümayişindən əvvəl yaradıcı heyətin mətbuat konfransı keçirilib.
F.Akın mətbuat konfransında bildirib ki, ermənicə dərc olunan “Aqos” qəzetinə açıqlamasından sonra davamlı ölüm təhdidləri almaqdadır:
“Sənət üçün ölməyə dəyər. Filmin yol açacağı bütün polemikalara hazır olmaq üçün 7-8 ilimi verdim və indi buna hazıram. İndidən təhdidlər aldım, amma bu məsələni böyütmək istəmirəm”.
5 ölkədə çəkilən və 15 milyon avroya başa gələn filmdə qondarma “erməni soyqırımı” ilə Amerika aborigenlərinin soyqırımını necə əlaqələndirdiyi haqda sualı cavablandıran F.Akın belə deyib:
“Mən türklərin bir erməni qəhrəman haqqındakı filmi həzm etməyəcəklərini çox yaxşı bilirəm. Bu səbəbdən, onlarda bir müqayisə hissi yaratmaq üçün aborigenlərin soyqırımını da əlavə etdim”.
Filmin ssenarisini F.Akınla birlikdə yazan Hollivudun əfsanəvi yazarlarından Mardik Martin də “Kəsik”lə bağlı fikirlərini bölüşüb:
“Bir hekayəni yazarkən, doğrudan yola çıxırsınız, amma sonra bu yanaşma dəyişir. Fatih bir dahidir. Mənim fikirlərimlə öz düşüncələrini uyğunlaşdıraraq, bu filmi çəkdi”.
Filmdə rol almış erməni aktyor Simon Abkaryan isə “Kəsik” filminin ermənilərin gözlədikləri bir ekran əsəri olduğunu bildirib.