Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də bir neçə təbrik məktubu ünvanlayıb.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti seçilməsi münasibəti ilə Donald Tusku təbrik edib:
“Hörmətli cənab baş nazir, Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə və hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.
İnanıram ki, Azərbaycanın Avropa İttifaqının bütün strukturları ilə əməkdaşlığının genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.
İlham Əliyev həmçinin Slovakiya Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə həmkarı Andrey Kiskaya təbrik məktubu göndərib.
Məktubda bildirilir:
“Hörmətli cənab prezident, sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Slovakiya arasındakı mövcud dostluq əlaqələri qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığımızın inkişafı üçün yeni-yeni imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Azərbaycan prezidenti özbəkistanlı həmkarı İslam Kərimovu və xalqını ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
Prezidentin Vyetnam Sosialist Respublikasının prezidenti cənab Çıonq Tan Şanqa ünvanladığı təbrik məktubunda isə bildirilir:
“Hörmətli cənab prezident, Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.