Tovuz rayonunun Şamlıq kəndində tam orta məktəb üçün inşa olunan 220 şagird yerlik məktəb binası istifadəyə verilib.
ERtv xəbər verir ki, Tovuz rayonunun Şamlıq kəndində inşa olunmuş yeni məktəb binasının açılışına rayon rəhərliyi ilə yanaşı, Milli Məclisin deputatı Qənirə Paşayeva da qatılıb.
Yeni məktəb binasının açılışı münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ziyalılar çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışdılar.
Mərasimdə iştirak edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirib ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artması ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Son on ildə təkcə Tovuz rayonunda 19 yeni məktəb binası tikilib, altı məktəb binası isə əsaslı təmir edilib. Cari ildə isə rayonda 820 şagird yerlik altı məktəb binası inşa olunub.
Mərasimdə iştirak edən millət vəkili Qənirə Paşayeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik etdi və bu cür məktəbdə təhsil alacaq şagirdlərin təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə edib. Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu qeyd edən Q.Paşayeva bunun ölkəmizdə hər zaman təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olduğunu deyib.
Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ziyalılar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış oldu.