Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Kaliforniya ştatının senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənədə rəsmi münasibət bildirib.
ERtv xəbər verir ki, XİN-in bununla bağlı mövqeyini nazirliyin sözçüsü Elman Abdullayevkeçirdiyi brifinqdə açıqlayıb:
“Kaliforniya senatının qəbul etydiyi bu sənəd heç bir hüquqi qüvvəyə malik deyil və adi kağız parçasıdır. Bildirmək istəyirəm ki, Kaliforniya senatının bəzi üzvlərinin hazırlayıb təqdim etdikləri bu sənədə senatın prezidenti də daxil olmaqla 40 üzvündən 17-si səsverməyə qatılmayıb. Ümumiyyətlə, bundan əvvəl də bir neçə dəfə analoji sənəd qəbul edilib”, - XİN rəsmisi vurğulayıb.
O həmçinin qeyd edib ki, belə bir təşəbbüslə çıxış etmiş senatın üzvləri ABŞ-dakı erməni lobbisinin təsiri, xüsusilə, maliyyə təsiri altındadırlar və bu zaman öz maraqlarından çıxış ediblər:
“Ümumiyyətlə, ABŞ-dakı erməni lobbisinin bu istiqamətdə irəli sürdüyü təşəbbüslərə ABŞ-ın özündə maraq son dərəcə azalıb və Kaliforniya senatındakı son səsvermənin nəticələri də bunu əyani surətdə göstərir.
Belə bir sənədin qəbulu erməni lobbisinin və Ermənistanın nə dərəcədə aciz vəziyyətdə olduğunu göstərir. Bu gün dünya birliyi Azərbaycana bütöv, kompleks dövlət kimi yanaşır. Ermənistana münasibət isə tam fərqlidir”.
E.Abdullayev sonda vurğulayıb ki, erməni lobbisi və erməni mətbuatı Kaliforniya senatının qəbul etdiyi bu sənədi başqa cür təqdim etməklə öz xalqlarını aldatmaqla məşğuldurlar. Əslində isə həmin sənəd deklorativ xarakterlidir və heç bir hüquqi əhəmiyyət daşımır.