Günvurma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına dörd gündə 10 müraciət daxil olub.
ERtv-yə bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.
O bildirib ki, 16 avqustdan indiyədək 10 günvurma müraciəti edilib. Avqustun 1-dən 16-dək isə cəmi 2 müraciət qeydə alınıb.
“Yəni avqust ayı ərzində ümumilikdə 12 günvurma müraciəti olub ki, bunlardan da 7-si xəstəxanaya yerləşdirilib”.
O. Şahmalıyev bu ay ərzində 19 suda boğulma faktının qeydə alındığını deyib. Onun sözlərinə görə, bunlardan 7-si ölümlə nəticələnib, 8-i isə xəstəxanaya yerləşdirilib.
Baş həkiminin müavini ilan və həşərat sancması halları ilə bağlı isə avqust ayı ərzində stansiyaya 7 nəfərin ilan sancması, 11 nəfərin isə həşərat sancması ilə bağlı müraciət etdiyini bildirib. O.Şahmalıyev həşərat sancan 11 nəfərdən 9-nun xəstəxanaya yerləşdirildiyini, qalanlarının isə yerində yardımla kifayətlənildiyini deyib.