Hər il avqustun 20-də maestro Niyazinin Bülbül prospekti 21-də yerləşən, indi muzeyə çevrilmiş mənzilinə xeyli adam toplaşır.
Tanınmış mədəniyyət xadimləri, Niyazi sənətinin vurğunları, gənc musiqiçilər bir-birinin ardınca çıxış edir, maestroya sayğılarını bildirirlər.
Maraqlıdır ki, avqust ayı maestronun həm doğulduğu, həm də dünyadan köçdüyü aydır. Elə ailə həyatına da avqustun bircə addımlığında - iyulun 31-də qədəm qoyublar Niyazi və Həcər xanım.
Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub.
Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiə böyük maraq oyanır. Onun atası Azərbaycanda musiqili teatrın banilərindən biri olub. Dahi Üzeyir Hacıbəyov isə onun doğmaca əmisidir.
1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri” dekadasında Niyazi ilk dəfə çıxış edir. Əsərlərin Üzeyir Hacıbəyovun dirijorluğu ilə təqdim olunması planlaşdırılsa da Üzeyir bəy xəstələnir. Bu səbəbdən o, Niyazinin onu əvəz eyməsini xahiş edir. Bu çıxışlardan sonra Niyazi “Şərəf” nişanı ordeni ilə təltif edilir.
Daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmur. O, ilk əsəri olan “Od içində” fortepiano poemasını 30-cu illərin əvvəllərində yazıb.
Daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala suitası”nı yazır.
1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürür.
Azərbaycan kinosunun səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini verir. Bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyir. Bunlar arasında “Kəndlilər”, “Mənsur”, “Ceyhun və Ülkər” filmlərinin adını qeyd etmək olar.
“Almaz” filminin musiqisini isə atası Zülfüqar Hacıbəyovla birgə işləyir. 40-cı illərdə S.Rüstəmin “Təbrizim” şeirinə mahnı bəstələyir. Az sonra isə ilk “Xosrov və Şirin” operasını yazır.
Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirir.
“Arşın mar alan” filminin 1945-ci ildə çəkilən ilk variantında Böyük Üzeyirin musiqisini Niyazi orkestrləşdirmişdi. Filmin sonrakı, “çağdaşlaşdırılan” variantında orkestrləmə işi F.Əmirova tapşırılmışdı və bəstəkar bir sıra özündən artırmalara yol vermişdi.
Əlbəttə, belə gediş Niyazini razı sala bilməzdi və daha sonrakı illərdə o partituraya dönə-dönə qayıdaraq, nəhayət 1973-cü ildə “Arşın mal alan”ı öz yeni redaksiyasında misilsiz Rəşid Behbudovla qrammofon valına yazdırdı.
1946-cı ildə Niyazi gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. Elə həmin ildə ən məşhur əsərini – “Rast” simfonik muğamını yazır. İlk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə gedir. Niyazi ömrünün sonunadək Azərbaycanı 11 dəfə tərk etməklə 23 ölkədə qastrol səfərində olur.
Maestro Niyazi “Azərbaycan Respublikasının Xalq artisti”, “SSRİ Xalq artisti”, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət mükafatı, SSRİ Dövlət mükafatı və “Çitra” baletinə görə Cəvəhirləl Nehru adına Beynəlxalq mükafatına layiq görülüb.
Niyazi 2 avqust 1984-cü ildə vəfat edib.