Bakıda İndoneziya Respublikasının müstəqillik əldə etməsinin 69-cu ildönümü ilə bağlı tədbir keçirilib.
ERtv xəbər verir ki, tədbirdə çıxış edən səfirPrayono Atiyanto İndoneziyanın müstəqillik tarixi barədə məlumat verib.
Diplomat deyib ki, ölkəsi müstəqilliyini asan əldə etməyib, bunun üçün uzun illər mübarizə aparılıb. Səfir ötən müddət ərzində İndoneziya dövlətinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirib.
Onun sözlərinə görə, vaxtilə Asiyanın geridə qalmış dövləti olan İndoneziya, bu gün artıq iqtisadi inkişafına görə dünyada öndə gedən ölkələrdən biridir:
“İndoneziya hazırda 240 milyon əhalisi ilə dünyada ən böyük müsəlman dövləti və 3-cü böyük demokratik ölkəsidir. İndoneziya Azərbaycan da daxil olmaqla ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrini yüksəltmək üçün aktiv, müstəqil xarici siyasət yeritməkdə davam edir”.
Səfir vurğulayıb ki, Azərbaycanla İndoneziya arasında əlaqələr getdikcə inkişaf edir, iki ölkə arasında inam və hörməti qorumaq üçün daha artıq çalışmaq lazımdır.
“Azərbaycanla İndoneziyanın siyasi əlaqələri yüksək səviyyədədir. Əlaqələrimiz həm beynəlxalq müstəvidə, həm də iqtisadi, turizm, investisiya, humanitar, mədəni sahələrdə davam etdirilir. Parlamentlər arasında da yaxşı münasibətlər mövcuddur. Ümid edirəm ki, İndoneziyanın müstəqilliyinin 69-cu ildönümü bu əlaqələrin gücləndirilməsi üçün mühüm imkan yaradacaq”, - diplomat əlavə edib.