Formanın ön hissəsindəki reklam üçün illik 10 milyon avro istəyən “Qalatasaray” Azərbaycan banklarından biri “Amrahbank” ilə anlaşmaq üzrədir.
ERtv bu barədə Türkiyənin internethaber.com saytına istinadən xəbər verir.
5 il ərzində formanın ön hissəsindəki reklamın sponsoru olan Türk Telekomla yollarını ayıran “Qalatasaray”da yeni sponsor axtarışları davam edir. Sponsorluğa namizədlərlə rəhbər Ünal Aysal özü görüşür. “Türk Telecom”dan reklam üçün 7,5 milyon dollar alan sarı-qırmızılılar ən azı 10 milyon avro verəcək sponsor axtarır.
Kluba yaxın mənbələrdən olan xəbərlərə görə, sponsor krizi artıq həll olunmaq üzrədir. “Sabah” qəzetinin xəbərinə görə, Azərbaycanın məşhur banklarından biri “Amrahbank” sarı-qırmızılı tərəfdarlar üçün GS bonus kredit kartı müştərilərinə təqdim edib. Yeni mövsümdə “Qalatasaray” formasında "Amrahbank”ın reklamının olması gözlənilir.
Digər mətbu orqanlarda isə “Amrahbank”ın “Qalatasaray”ın xəbəri və razılığı olmadan “Qalatasaray” kredit kartını bazara çıxardığı irəli sürülür. Məlumata əsasən hadisədən kartın mətbuata təqdimatı ilə xəbər tutan “Qalatasaray” klubu ondan icazə alınmadığı üçün “Amrahbank”ı məhkəməyə verəcək. “Qalatasaray” klubu bu gün banka xəbərdarlıq məktubu göndərəcək, mövzu ilə bağlı hüquqi qurumlara hesabat veriləcək və klub öz haqqını arayacaq.
Qeyd edək ki, bankın həmin kartı təqdimatında isə kartın “Qalatasaray” və Neftçi Bakı klublarının ortaq işbirliyi ilə hazırlandığı bildirilib. Kart sahiblərinə “GS Store” mağazalarında 10-20 faiz endirimlər, “Qalatasaray” oyunlarını izləmək fürsəti yaradır.