Bu ilin yeddi ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19.8 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az sənaye məhsulu istehsal olunub.
ERtv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, məhsulun 14.4 milyard manatı və ya 72.5 faizi mədənçıxarma bölməsində istehsal olunub.
Sənayenin emal bölməsində istehsal 4.3 milyard manat təşkil edib. Bölmədə qida məhsulları istehsalı 3.1 faiz, tütün məmulatları istehsalı 71.9 faiz, geyim istehsalı 42.9 faiz, hazır metal məmulatların istehsalı 14.4 faiz, tikinti materiallarının istehsalı 22.6 faiz, elektrik avadanlıqları istehsalı 17.1 faiz, artıb.
Bundan başqa avtomobil və qoşquların istehsalında 66.2 faiz, sair nəqliyyat vasitələri istehsalında 3.4 dəfə, mebel istehsalı 13.4 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalında 62.5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmirində 20.6 faiz artım qeydə alınıb.
Qeyri neft emal sənayesində 2.8 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 3.3 faiz çox sənaye məhsulu istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5.3 faizi və ya 1 mln. 051 min 900 manat istehsal olunub. İstehsal olunmuş 12.5 milyard kVt.saat elektrik enerjisi əvvəlki ilin yeddi ayının səviyyəsini 3.5 faiz üstələyib.
Sənayenin qeyri neft sektorunda məhsul istehsalı 4.4 faiz artıb, neft qaz sektorunda isə 2.7 faiz azalıb.