Dünən Bakıda baş verən dəhşətli intiharla bağlı bəzi detallar üzə çıxıb.
ERtv xəbər vermişdi ki, dünən səhər saat 10: 30 radələrində, ana və qızı özlərini yaşadıqları binanın doqquzuncu mərtəbəsindən ataraq intihar ediblər. Hadisə Bakı şəhəri, Yeni Yasamal 2, bina 10 ünvanında baş verib.
Yasamal Rayon Polis İdarəsindən verilən xəbərdə deyilmişdi ki, bu ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.
Bu dəhşətli hadisənin təfərrüatlarını öyrənmək üçün musavat.com -un əməkdaşı, adıçəkilən ünvana baş çəkib.
İki üzvü intihar edən ailə haqqında
Mərhum Kifayət Abbasovanın bacısı Bəsti Quliyeva ilə söhbət əsnasında məlum olur ki, intihar edən qadının əsl adı Kifayət yox, Nailə Abbasovadır, intihar edən qızının adı isə Yeganə yox, Aytac Fərzəliyevadır. Bacısının sözlərinə görə, Fərzəliyevlər çox kasıb, sakit və mehriban ailə olublar. Ailə beş nəfərdən ibarət imiş. Ailə başçısı Asəf Fərzəliyev, mərhum həyat yoldaşı Nailə Abbasova, oğlu Babək, qızları Aytac (intihar edən) və Aytən ( itkin düşən).
Nailə Abbasova evdar qadın olub, yoldaşı Laçın rayonundan qaçqın düşən Asəf Fərzəliyev isə mal-qara alveri ilə məşğul olub, ailəsini çətinliklə dolandırırmış. Yaxınlarının dediklərinə görə, bu günə qədər ailədə heç vaxt ciddi problem yaşanmayıb.
İntiharın ən çox səslənən səbəbi – qaçan qız
Qeyd etdiyimiz kimi, ailənin kiçik qızı Aytən Abbasova 4 gündür itkin düşüb. Onun hansısa oğlana qoşulub qaçdığı ehtimal edilir. Ailə üzvləri 4 gündür ki, Aytənin axtarışı ilə məşğul imişlər. Elə intihara səbəb kimi də, ananın qızının itkisinə döz bilməyib, digər qızı ilə birgə bu addımı atması göstərilir.
Mərhum Nailə Abbasovanın bacısı Bəsti Quliyevanın sözlərinə görə, hadisə vaxtı ailə başçısı Asəf, oğlu Babək və Kifayətin (Nailənin) qardaşı da evdə olub:
“İtkin düşən Aytəni tapa bilmədiklərinə görə, həyat yoldaşı bacımdan qızın şəklini istəyib. Şəkili polisə təqdim edib axtarışa vermək istəyirmiş. Bir müddət keçib və bacım ortalıqda görünməyib. Oğlu Babək anasını səsləyib, cavab gəlməyəndə axtarmağa başlayıb, qonşulardan soruşub. Daha sonra ana və qızın intihar etdiyindən xəbər tutublar. Hər ikisi özlərini yataq otağının pəncərəsindən atıblar. Qaçan qızdan isə heç bir xəbər yoxdur. Onun öz istəyi ilə qaçdığı, yoxsa zorla qaçırıldığı da bəlli deyil”.
İntihar edən qız məktub yazıbmış
Musavat.com -a açıqlamasında Yasamal Rayon Polis İdarəsindən leytenant Fərid İsmayılovbildirib ki, mərhumun evindən 17 yaşlı Yeganə Abbasovaya ( Aytac ) məxsus məktub tapılıb. Məktubda mərhumun artıq yaşamaq istəmədiyi və ölümündə heç kimin günahı olmadığı qeyd edilib. F.İsmayılov bildirib ki, hələlik intihar faktının təfərrüatları haqqında onlarda olan məlumat bundan ibarətdir:
“Hazırda faktla bağlı araşdırma aparılır, meyitlər tibbi ekspertizaya aparılıb. Yəqin ki, daha dəqiq səbəblər təhqiqatın nəticəsində ortaya çıxacaq”.
Onu da qeyd edək ki, ailənin yaxınları ilə söhbət zamanı, hər hansı məktubun olduğu səslənməyib.
İntiharın müəmmalı tərəfləri
Məhrumun bacısı Bəsti Quliyevanın sözlərinə görə, ana və qız intihar edən zaman evdə 3 nəfər ailə üzvü olub. Ancaq Yasamal Rayon Polis İdarəsindən onlarda bu haqda məlumatın olmadığı bildirilib.
Digər tərəfdən, intihar edən şəxslərin dünyasını dəyişdiyi yerə baş çəkərkən orada hadisə ilə bağlı heç bir iz görülməyib. Binanın arxa tərəfi daşlıq ərazi olduğu halda yerdə qan izi aşkarlanmayıb.