İyul ayında birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 7,4 və 3,5 faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb.
ERtv bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, birillik bitkilərdən açıq sarı qarğıdalının istehsalçı qiymətlərində 29,4 faiz, qarğıdalı dəninin 22,6 faiz, tərxunun 18,8 faiz, yoncanın 5,2 faiz, quru otun istehsalçı qiymətlərində 2,4 faiz bahalaşma olub.
Əksinə pomidorun 32,6 faiz, payızlıq bərk buğda toxumunun 27,5 faiz, bibərin 25,5 faiz, qarpız və yemişin 21,4 faiz, noxudun 20,0 faiz, badımcanın 15,6 faiz, baş sarımsağın 12,5 faiz, payızlıq arpa dəninin istehsalçı qiymətlərində isə isə 8,9 faiz ucuzlaşma qeydə alınıb.
Çoxillik bitkilərdən şaftalının 23,2 faiz, gavalı və göyəmin 18,5 faiz, alçanın 15,8 faiz, armudun 14,0 faiz, almanın 11,8 faiz, albalı və gilasın 11,2 faiz, fındığın istehsalçı qiymətləri 10,8 faiz ucuzlaşıb, moruq və böyürtkənin 79,4 faiz, süfrə üzümünün 43,4 faiz, limonun istehsalçı qiymətləri 12,9 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 21,6 faiz, arı ailəsinin 14,3 faiz, dişi dananın 2,9 faiz, cöngənin 2,4 faiz, təbii balın istehsalçı qiymətləri 0,9 faiz bahalaşıb, erkək qazın 22,2 faiz, yumurtalıq-ətlik və ətlik cinsli toyuqların 11,1 faiz, donuz ətinin (diri çəkidə) 10,1 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun isə istehsalçı qiymətləri 2,4 faiz ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.