Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su-Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə münasibət bildirib.
ERtv xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş cavabda bildirilir ki, əgər belə bir hadisə baş verərsə, Azərbaycan Silahlı Qüvvələrinin dərhal və layiqli cavabı olacaq:
“Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.
Ermənistan tərəfindən Mingəçevir Su-Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaq.
Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Respublikası istiqamətində tuşlanmış raketlərimiz düşmən ölkənin paytaxtı Yerevan şəhərini belə yerlə-yeksan etmək əmrini icra etməyə hazırdır”.