Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrini Azərbaycana müvəqqəti gətirən fiziki şəxslərə müraciət edib.
ERtv Komitəyə istinadən xəbər verir ki, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin geri qaytarılma müddətlərinə riayət edilməməsi hallarının artması ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar avqustun 16-dan etibarən Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-nin 8703 və 8711 mal mövqelərinə aid edilən) müvəqqəti gətirilməsi zamanı sərhəd gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq.
Avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi, və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı, və ya Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq.