Böyük Britaniya Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır və bütün tərəfləri bu gərginliyi azaltmağa çağırır.
ERtv xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Bəyanatda qeyd olunur ki, ötən həftə Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi barədə məlumatlar yayıldı:
“Çoxlu sayda itkilərin olması və daha ağır hərbi qurğulardan istifadə olunması haqda yayılan məlumatlar ötən 20 ildə atəşkəsin ən narahatverici formada pozulmasını göstərir. Böyük Britaniya həm Ermənistanı, həm də Azərbaycanı gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə əməl etməyə çağırır”.
Bəyanatda hər iki tərəfdən itkilərin olması ilə bağlı kədər hissi ifadə olunur və tərəflər sülh razılaşması istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işləməyə çağırılır.