Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqəyə və ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbula başlayıb.
ERtv Komissiyaya istinadən xəbər verir ki, müsabiqə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul və ya 9-cu siniflər üzrə buraxılış imtahanında toplanılan ballar əsasında aparılır.
İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
İxtisas seçimi 4 avqust saat 10.00-dan 11 avqust saat 10.00-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib TQDK-nın internet saytında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Boş qalan ixtisasların siyahısı Abituriyent jurnalının xüsusi buraxılışında təqdim olunub. Xüsusi qabiliyyət tələb edən ixtisaslar siyahısında ulduz “*” işarəsi ilə qeyd olunub. Bu ixtisasları yalnız TQDK tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 19-dan 29-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər
Müəyyən olunmuş müddətdə elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul isə martın 2-də və mayın 25-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunub qeydiyyatdan keçən bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 4 avqust saat 10.00-dan 11 avqust saat 10.00-dək TQDK-nın internet saytına daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.