Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Azərbaycan və şəxsən prezident cənab İlham Əliyev haqqında müsbət fikirlər söyləyib.
Hətta, qonağı olduğu televiziya verilişinin aparıcısı bir neçə dəfə onu “ənənəvi Jirinovski” ampluasına qaytarmağa cəhd etsə də, o təkidlə söhbəti Azərbaycanın son illərdəki inkişafı üzərinə qaytarıb.
ERtv xəbər verir ki, bunu hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə öz facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.
Onun dediyinə görə, V. Jirinovski Ukrayna-Rusiya münasibətləri problemində isə dövlət başçımızın siyasətinin düşünülmüş olduğunu xüsusi vurğulayıb.
Millət vəkili qeyd edib ki, Azərbaycanla bağlı dünya siyasətçiləri zaman-zaman müsbət fikirlər söyləyir, Prezident İlham Əliyevin siyasəti daima təqdir edilir.
O, hesab edir ki, Azərbaycanın müstəqil siyasəti tək Azərbaycana deyil, regiona və dünyaya da çox lazımdır.
“Ancaq Jirinovskinin fikirləri xüsusi diqqət tələb edir.
Çünki, o bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Dağlıq Qarabaş məsələsində Ermənistanı müdafiə edib.
İndi isə o, Azərbaycanın inkişafına, Prezident Əliyevin siyasətinə yüksək qiymət verir.
Çünki, bunu artıq görməmək mümün deyil. Azərbaycanın son iyirmi bir ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı. Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir.
Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu yaxşı nəticələr verir.
Bu gün Rusiya və Azərbaycan bir-birilərinə qarşlıqlı surətdə lazımdırlar. Vladimir Jirinovski axır ki, bunu başa düşdü. Mən ona təşəkkür edə bilmirəm, bir Azərbaycan oğlu kimi onun ölkəmizlə bağlı söylədiklərini unuda bilmirəm. Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi”, - deyə A.Mirzəzadə sonda qeyd edib.
Qeyd edək ki, Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycanı MDB məkanındakı real müsbət nümunə adlandırıb.
O bildirib ki, bu ölkənin bütün kəndləri abadlaşdırılıb, idman obyektləri də daxil olmaqla yeni komplekslər ucaldılır, bütün ölkə tamamilə dəyişilib.
V.Jirnovski əlavə edib ki, ölkənin bu cür sürətli inkişafının səbəbi Azərbaycan xalqının İlham Əliyevi dövlət başçısı seçməklə etdiyi düzgün seçimidir: “Mən onun atasını da tanıyırdım, Heydər Əliyev dahi azərbaycanlıdır”.