Bu gün Azərbaycanın məşhur estrada müğənnisi, xalq artisti Flora Kərimovanın 73 yaşı tamam olur.
ERtv xəbər verir ki, Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub.
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, Azərbaycan Dövlət Tibb İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Klassik Avropa operası (nümunə üçün “Qayınana” filmində “Dilbərin” ariyası, “Sular qızı” romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının, Klassik Art-Estrada (Sovet Estradası) janrlarının ustad sənətkarıdır.
Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət” operasını bəstələyib. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur.
Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (Leyli və Məcnun (opera) |”Leyli və Məcnun”, Üzeyir Hacıbəyov) partiyasında çıxış edib (1966), “Qanun naminə” (1968) bədii filmində çəkilib.
Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn, İmma Sumac) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir - yəni bütün notları əhatə edir (istər aşağı, istərsə zil və eləcə də orta yüksəklikdə olan).
Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993-94-cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edərək, Türkiyənin ən prestijli musiqi proqramlarının qonağı olub. Hətta Türkiyənin ən əsas musiqi təqdimat verilişində (İlin Mahnısı) qonaq olub (o verilişdə adətən Türkiyənin ən öndə olan sənətkarları çıxış edirdi və xaricilər verilişin qonağı olmurdu).
Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.