“Əl-Cəzirə” və “As-Savsana” xəbər agentlikləri “İraq-Şam İslam Dövləti” vəhhabi-sələfi terror qruplaşması (İŞİD) üzvlərinin Qəzzaya girəcəyini yazıb.
ERtv “Axar.az” xəbər verir ki, İŞİD Suriyadakı təlim düşərgələrində “İŞİD-in Qəzza mücahidləri” olaraq adlandırdığı qrupun görüntülərini yayımlayıb.
Görüntülərdə döyüşçülərin əllərindəki silahların üstündə "İŞİD-in Qəzza mücahidləri" və "Gəlirik, ey yəhudilər" ifadələrinin yazıldığı bildirilir.
Bundan əlavə İŞİD “Qəzzalı mücahidlər” olaraq adlandırdığı qrupun “Şeyx Əbu Nur Maqdisi briqadası” adı altında Suriyadakı hərbi təlim düşərgələrində Qəzzaya girmək üçün təlim aldığını vurğulayıb.
İŞİD Qəzza bölgəsində rəhbərliyi əlində saxlayan HƏMAS-a "Üz-üzə gəlməyə az vaxt qalıb və qarşıdurma qaçılmazdır", - deyə xəbərdalıq göndərib. Onlar bunun ardınca 2009-cu ildə HƏMAS əsgərləri tərəfindən öldürülən sələfi din adamı - Şeyx Əbdüllətifin də intiqamını alacağını bildirib.
Çox keçmədən HƏMAS-ın liderlərindən olan Əbdülfəttah Duxan İŞİD-in mesajına cavab verib:
"Doğru olan islami yoldan azmış heç bir qrupa Qəzzaya daxil olmağa əsla icazə verməyəcəyik”.
Qəzzadakı HƏMAS rəhbərliyinin Ədliyyə naziri Məhəmməd Fərəc Gül isə İŞİD-in Qəzzaya girişini spekulyativ yalan olaraq qiymətləndirib. Gül daha sonra “İŞİD Qəzzaya sionist rejimlə mübarizə üçün gəlirsə, buyursun gəlsin, ancaq niyyətləri ayrıdırsa, lazım olan qarşılığı görəcəklər”, - deyə bildirib.