Mikayıl Cabbarov və Zakir Həsənov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.
ERtv xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov təbrikində bildirib ki, milli mətbuatımızın yaranma günü təkcə peşə bayramı deyil, həm də söz, milli düşüncə və mədəniyyət hadisəsidir.
Nazir deyib ki, Azərbaycanda milli mətbuatın əsasını qoyan insanlar həm də müəllimlər olublar. Ona görə də o dövrün mətbuatı əsas hədəfə - milli dövlətçiliyin yaranması amalına nail ola bildi:
“Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil və onlarca digər azərbaycanlı müəllim, milli mətbuatımızın əsasını qoyan insanlar kimi, həm də maarif işığını bu yolla yayırdılar. Bu dövrdə yaranan bir çox mətbuat nümunələrinin adları da çox zaman maarif sözü ilə birgə çəkilirdi”, - deyə təbrikdə qeyd olunub.
Mikayıl Cabbarov deyib ki, görülən hər bir işin iştirakçısı həm də media olub:
“Biz təhsilimizin yeni hədəflərinə doğru media ilə birlikdə addımlayırıq. Bu da bizim üçün çox əhəmiyyətlidir. Yeni yanaşma və addımlarımızın keyfiyyətcə hansı mərhələyə qədəm qoyması həm də medianın üzərinə ciddi öhdəliklər qoyur. Bu əməkdaşlıqdan məmnunam və media nümayəndələrinin peşə bayramını təbrik edirəm!”.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da jurnalistləri təbrik edərək arzu edib ki, bu gün media nümayəndələri ulu sələflərimiz Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin ruhuna və məramına layiq ola, müstəqil dövlətimizə və xalqımıza şərəflə xidmət edələr:
“Bu gün Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Avropanın və dünyanın gözü üçrəngli Azərbaycan bayrağındadır. Bu bayrağın Xankəndi, Şuşa və digər işğal olunmuş şəhərlərimiz üzərində ucalacağı günü, xeyrin şər üzərində qələbə gününü gözləyir.
Arzu edirəm ki, siz ordu mövzusunda yazanda qələminizi süngüyə çevirəsiniz, hər yazınızla Silahlı Qüvvələrimizin qüdrətinin artırılması məqsədilə dövlətimizin maraqlarını qoruyaraq düşmən üzərində qələbəmizi yaxınlaşdırasınız”.