Prezident Avropa Komissiyasının yeni sədrini təbrik etdi
17 iyul, 2014 08:14
Azərbaycan prezidenti İlham Əliyev Jan-Klod Yunkeri Avropa Komissiyasının yeni sədri seçilməsi münasibəti ilə təbrik edib.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, prezident təbrik məktubunda bildirib:
“Hörmətli cənab Yunker, Avropa Komissiyasının sədri vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikası Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu mənada Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi, əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.
Bu gün siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük potensiala malik əlaqələrimiz uğurla inkişaf etməkdədir. Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biri sayılan enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin etibarlı tərəfdaş olduğunu sübut edib.
İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Hörmətli cənab Yunker, sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə sizə və Komissiyanın gələcək heyətinə uğurlar diləyirəm”.