Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində dövlət başçısı İlham Əliyev dərin məzmunlu və geniş əhatəli nitq söyləyib.
Xarici siyasətin mövcud vəziyyəti və onun inkişaf istiqamətləri haqqında fikirlər söyləyən ölkə rəhbəri çox vacib məqamlara toxunub, bu sırada Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında duran mühüm vəzifələri dəqiq ifadə edib.
Xarici siyasətdə əldə edilən uğurlar müasir mərhələnin tələbləri aspektində təhlil edilib, bu əsasda yeni istiqamətlər müəyyənləşdirilib.
Müstəqil və prinsipial xarici siyasət: Azərbaycan nümunəsi
Prezident İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqi geniş əks-səda doğurub. Ənənəsinə sadiq qalaraq, ölkə rəhbəri səmimi və dərin məzmunlu fikirləri ilə xarici siyasət kursunun mühüm aspektlərini təhlil edib. İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanlarının qarşısında duran vəzifələri də dəqiq müəyyənləşdirib.
Bu cür tədbir mütəmadi keçirilir. Burada əsas məqsəd sürətlə dəyişən geosiyasi şəraitdə ölkənin xarici siyasəti sahəsində görülən işlərə bir daha nəzər salmaq, diplomatik xidmət orqanlarının fəaliyyətini qiymətləndirmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. İlk olaraq qeyd etmək lazımdır ki, dövlət başçısının nitqində bu aspektlər bir-biri ilə sıx bağlılıqda öz əksini tapıb (bax: Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilmişdir / "Azərbaycan" qəzeti, 7 iyul 2014).
İlham Əliyev nitqində xarici siyasətin müxtəlif aspektlərinin müzakirə olunacağı və yeni istiqamətlərin müəyyənləşdiriləcəyini vurğulayıb. Burada daxili və xarici siyasətin vəhdətdə götürülməsi diqqəti çəkir. Azərbaycan rəhbərliyi xarici siyasətə daxili siyasətin davamı kimi yanaşır. Bu bağlılıqda Prezidentin "Azərbaycanın indiki reallıqları bundan ibarətdir ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur" fikrinin böyük mənası vardır.
Daxili və xarici siyasətdə əldə olunan uğurlar, hakimiyyətlə cəmiyyətin birliyinin təmin edilməsi və bütövlükdə sabitliyin olması belə deməyə əsas verir. Daxildə təhlükə qaldıqda, ölkə sabit və davamlı şəkildə inkişaf edə bilmir.
Müvafiq olaraq xarici siyasətdə qətiyyətli mövqe nümayiş etdirmək şansı da sıfıra bərabər olur. Ermənistanın timsalında bunu aydın görürük. Bu ölkənin xarici siyasətdəki səbatsızlığının kökündə daxili təhlükənin olması durur. Cəmiyyət erməni iqtidarın yeritdiyi siyasətdən narazıdır və bunu dəfələrlə ifadə edib.
Azərbaycanda ötən əsrin 90-cı illərinin ikinci yarısında ulu öndər Heydər Əliyev daxili sabitlik yaratdı. Sonrakı dövrdə bu, daha da inkişaf etdirildi və hazırda iqtidar-xalq birliyi fonunda cəmiyyətdə tam sabitlik bərqərar olub. Azərbaycan cəmiyyətinin dünyanın yalnız bəzi ölkələrində özünü göstərən inkişaf paradiqması vardır. Bu o deməkdir ki, ölkə rəhbərliyinin daxili siyasəti cəmiyyətin yalnız inkişafa köklənməsini təmin edib. Hesab edirik ki, bu, tarixi nailiyyətdir.
Bunun fonunda Prezident İlham Əliyevin müşavirədəki nitqində "Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir" tezisini söyləməsi çox vacib məqamdır. Yalnız tam müstəqil dövlət müasir geosiyasi şərtlər daxilində prinsipial və müstəqil siyasət yeridə bilər.
Ölkə rəhbərinin bu fikri Azərbaycanın müstəqil milli dövlət kimi artıq formalaşdığını göstərir. Regionda müstəqilliyini əldə etmiş digər dövlətlər bu prosesi başa çatdıra bilməyiblər. Bu səbəbdən Azərbaycan dövlət quruculuğu sahəsində də regionda liderdir. Konkret faktlar bu tezisin doğruluğunu tam təsdiq edir.
Prioritetlər: xarici siyasətdə yeni balansa doğru
Prezident nitqində xarici siyasətdə hər şeydən əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini xarici siyasətin aktual məsələsi kimi təqdim edib. O, çıxışının demək olar ki, yarısını buna həsr edib. Məsələ ondan ibarətdir ki, bu problem ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə əsas təhlükə olaraq qalır. Onun həll edilməsi ilə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun qarşısında geniş inkişaf perspektivləri açılır.
Lakin təəssüf ki, İrəvanın qeyri-konstruktiv, zamanın tələblərinə uyğun olmayan aqressiv mövqeyi ucbatından münaqişə hələ də öz həllini tapmayıb. Dövlət başçısı vəziyyətin bu cür qalmasının səbəbi kimi dünya siyasətində "ikili standartların" qalmasını vurğulayıb. Bəzi dairələr Ermənistana havadarlıqlarını davam etdirir, hətta qəsdən "beynəlxalq ictimaiyyət" anlayışını təhrif edirlər. Əslində, bu anlayış ilk növbədə BMT-ni ifadə edir. BMT isə Ermənistanın təcavüzkarlığı ilə bağlı 4 qətnamə çıxarıb.
Onlara əməl edilmirsə, deməli, beynəlxalq ictimaiyyət münaqişənin həllinə tam məsuliyyətlə yanaşmır. Eyni vəziyyət ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əlaqədar da yaranıb. Onlar faktiki olaraq heç bir iş görməyiblər. Prezident İlham Əliyev bütün bunların səbəbi kimi beynəlxalq hüququn işlək olmamasını göstərib. Ölkə rəhbəri bu aspektdə deyib: "...son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır".
Burada İlham Əliyevin bir tarixi fikrini unutmaq olmaz. Prezident Dağlıq Qarabağın "əzəli Azərbaycan torpağı" olduğunu xüsusi qeyd etməklə yanaşı, Ermənistanın da Azərbaycan torpaqlarında yarandığını qətiyyətlə söyləyir. İrəvan xanlığının tarixi ilə əlaqədar fundamental tədqiqatların aparılmasını cənab Prezident Azərbaycan tarixçiləri qarşısında vəzifə kimi qoyub.
Bununla bağlı yazılan əsərlər tam sübut edir ki, İrəvan Azərbaycan torpağıdır. Konkret desək, Azərbaycan torpaqlarında bir erməni dövləti yaradılıb, ikinci dəfə isə belə bir hadisənin olmasına Bakı qətiyyən imkan verməyəcəkdir.
Bu məsələnin başqa tərəfi belə həqiqətləri dünya ictimaiyyətinə çevik və səmərəli şəkildə çatdırmaqdan ibarətdir. İlham Əliyev nitqində bunun üzərində ayrıca dayanıb. O, Ermənistanın Azərbaycan torpaqlarında qondarıldığını, milli mədəniyyətimizə və tarixi abidələrimizə qarşı erməni vandalizminin gerçəkliklərini, ölkə rəhbərliyinin münaqişə ilə bağlı yeritdiyi siyasətin əsas məzmununu ifadə edən kiçik məlumat kitabçalarının (bröşurlar) hazırlanması zərurətini ayrıca vurğulayıb.
Bu, olduqca vacib məqamdır. Çünki təbliğatın daha da gücləndirilməsi insanlara reallığı anlatmaqda böyük vasitədir. Biz həqiqətdən qorxmuruq, haqq Azərbaycanın tərəfindədir. Bu səbəbdən cənab Prezidentin gerçəklikləri dünyaya yaymağın əhəmiyyətini xüsusi olaraq vurğulaması uzaqgörənlikdir.
Dövlət başçısı nitqində xarici siyasətin bir sıra digər istiqamətlərinə də diqqət yönəldib. Həmin kontekstdə o, qonşularla münasibətlərin inkişafı, Avropa ölkələri ilə əməkdaşlığın prioritetliyi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, diasporlarımızla səfirliklərin qarşılıqlı əlaqədə çalışması məsələlərinin əhəmiyyətini vurğulayıb.
Prezident qeyd edib ki, Avropa siyasətinin vacibliyi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaq strategiyası ilə bağlıdır. Bu prosesi Bakı düşünülmüş, ardıcıl şəkildə, balansı gözləməklə həyata keçirir. O cümlədən, Azərbaycanın qonşu dövlətlərlə (Ermənistan istisna olmaqla) çox yaxşı münasibətləri vardır.
Bu mənada rəsmi Bakının ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı olması təsadüfi deyildir. Artıq Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan formatında əməkdaşlıq öz bəhrəsini verməkdədir. Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin inkişaf dinamikası da yaxşıdır. Rəsmi Bakının bu cür siyasəti həm regional əməkdaşlığa geniş imkanlar açır, həm də qlobal geosiyasətə ciddi töhfələr verir.
Burada biz Prezidentin diaspor təşkilatı-səfirlik əlaqələrinə xüsusi əhəmiyyət verməsini ayrıca qeyd etməliyik. Çünki bu istiqamət ölkənin beynəlxalq imicinin formalaşdırılması prosesində mühüm rol oynamaqla bərabər, ona dünya miqyasında milli və siyasi kimliyi bütöv olan dövlət kimi çıxış etmək imkanı verir. Güclü dövlətlə güclü cəmiyyətin vəhdəti bu məqamda özünü qabarıq göstərir.
Çox əhəmiyyətlidir ki, cənab Prezident beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məsələsinə də bu müstəvidə nəzər yetirir. Müasir diplomatiyada şərti olaraq "şəbəkə diplomatiyası" adlanan və çoxsaylı təşkilatlarla sistemli, məqsədyönlü işlərin görülməsini də nəzərdə tutan bu məfhum peşəkar siyasətlə sıx bağlıdır.
Azərbaycan bu cür yüksək səviyyədə xarici siyasət yeritməkdədir. Şübhə yoxdur ki, bu yolda ölkəmiz hələ çox uğurlar əldə edəcək. Diplomatlarımızın beşinci müşavirəsində Prezidentin qarşıya qoyduğu vəzifələr bu cür düşünməyə tam əsas verir.