İyun ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş yoxlamalar zamanı 5765 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
ERtv Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 2662 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu müəyyənləşib.
Ötən ay 731 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 1263 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 378 vergi ödəyicisi tərəfindən 587 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 319 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 153 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 1630 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.