Bu gün Azərbaycan klubları Avrokuboklarda mübarizəyə start verib. “Qəbələ”nin ardınca meydana “İnter” çıxıb.
ERtv xəbər verir ki, Bakının “İnter” klubu Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldovanın “Tiraspol” kollektivi ilə qarşılaşıb.
Komandamız oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alıb və artıq matçın 8-ci dəqiqəsində hesabı açıb. Baçana Sxadadze 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İki dəqiqə sonra komandamız Elvin Məmmədovun qolu ilə üstünlüyünü möhkəmlədib. Birinci hissə 2:0 hesabı ilə “İnter”in xeyrinə başa çatıb.
İkinci hissədə vurulan qolların əvəzini çıxmaq üçün irəli atılan rəqib komanda 70-ci dəqiqədə üçüncü dəfə məyus olub. Rəqib futbolçu Andrey Novikov avtoqola imza atıb. Andrey Novikov 78-ci dəqiqədə də qol vurub, bu dəfə isə “İnter”in qapısına. Getdikcə təzyiqi daha da artıran moldovalılar oyunun 89-cu dəqiqəsində Georgi Karaneyçevin qolu ilə hesab arasındakı fərqi minimuma endirib.
Qeyd edək ki, bu gün "Qəbələ" Avropa Liqasında doğma divarlar arasında keçirdiyi debüt oyununda Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubuna 0:2 hesabı ilə məğlub olub.