Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şurada (Atlantic Council) “NATO Qafqazda: Azərbaycanın misalı” adlı tədbir keçirilib.
ERtv-yə ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirin açılış hissəsində çıxış edən Atlantik Şuranın prezidenti Fred Kempe Azərbaycanın NATO-nun tərəfdaşı olaraq tutduğu mühüm mövqeni vurğulayıb, bu mənada ölkəmizin özünə davamlı diqqət topladığını ifadə edib.
Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 20-ci ildönümü dövrünə təsadüf etmiş bu tədbirin natiqləri arasında Azərbaycanın NATO yanında nümayəndəsi, səfir Xəzər İbrahim, ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Erik Rubin və Corctaun Universitetində ziyarətçi professor Brenda Şafer də olub.
Səfir Xəzər İbrahim NATO-Azərbaycan münasibətlərinin ötən 20 il ərzində keçdiyi tarixi yola nəzər salaraq, bu münasibətlərin artan xətlə inkişaf etdiyini söyləyib və Prezident İlham Əliyevin NATO mənzil qərargahına sonuncu səfəri zamanı bu münasibətlərin strateji xarakter aldığına dair fikirlərini bölüşüb.
X.İbrahim keçən dövr ərzində Azərbaycanın NATO-dan yardım qəbul edən ölkədən bu təşkilatın müxtəlif fəaliyyətlərinə töhfə verən ölkəyə çevrildiyini vurğulayıb və bu kontekstdə Azərbaycanın o cümlədən Əfqanıstandakı əməliyyatlara yetirdiyi müxtəlif yönlü dəstək barədə bəhs edib. O, həmçinin NATO-Azərbaycan münasibətlərinin beynəlxalq hüquq prinsiplərinə söykəndiyini birdirərək, NATO-nun son zirvə toplantılarının yekun sənədlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ifadə edilən birmənalı dəstəyi qeyd edib.
ABŞ dövlət katibi köməkçisinin müavini Erik Rubin NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında Azərbaycanın iştirakının “dərin təsir bağışlayan” nəticələr doğurduğunu deyib və bu münasibətləri bir “uğurlu hekayə” kimi təqdir edib. E.Rubin Azərbaycan Prezidenti İlham Əliyevin Brusselə səfəri zamanı NATO rəhbərliyi ilə qarşılıqlı münasibətlərin 20 illiyini əhatə edən müzakirələr apardığını xatırladıb və ölkəmizin NATO ilə əməkdaşlığının müxtəlif istiqamətlərində əldə olunmuş nailiyyətləri qeyd edib.
E.Rubin bundan əlavə Dövlət Departamenti ilə yanaşı, ABŞ Müdafiə Nazirliyi adından Əfqanıstanla əlaqənin təmin edilməsində Azərbaycanın Şimal Nəqliyyat Paylayıcısında tutduğu mühüm yeri önə çəkib və ölkəmizin bu sahədə nümayiş etdirdiyi əməkdaşlığı yüksək qiymətləndirib.
Nəhayət, Brenda Şafer öz tərəfindən Azərbaycanın regionda üzləşdiyi problem və təhdidlər haqqında söz açıb, ölkəmizin təhlükəsizlik sahəsində NATO ilə əməkdaşlıq ilə bərabər Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulayıb.
O, eləcə də Cənubi Qafqaz regionunda mövcud münaqişələrin regional proseslərə göstərdiyi mənfi təsirə istinad edib, həmçinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirakından danışıb.
Çıxışların ardınca natiqlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.