“Olimpiya məşəli oyunlar başlamadan iki ay əvvəl yandırılmalıdır.
Hazırda həm beynəlxalq, həm də Avropa Komitəsi tərəfindən cavab gözləyirik”.
ERtv xəbər verir ki, bu barədə gənclər və idman naziri və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovbildirib.
Nazir xatırladıb ki, Olimpiya oyunları üçün məşəlin yandırılması məkanı Yunanıstandır.
“Ola bilsin ki, Bakı 2015 Avropa Oyunları üçün məşəl o məkanda deyil, qədim stadionların birində də yandırılsın”.
Amma nazir bunun üçün xüsusi icazənin alınmasının tələb olunduğunu qeyd edib. Onun sözlərinə görə, bununla bağlı işlər aparılır.
“Bu məsələ aydınlaşan kimi mətbuata məlumat veriləcək. Amma bildiyiniz kimi, bizim də ilk gündən Azərbaycanın ucqar kəndlərindən, dağlarından bu məşəli keçirməklə bağlı planımız var. Bizim Yanar Dağımız, Atəşgah məbədimiz var, yəni məşəli yandırmağa yerlərimiz çoxdur”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq.