Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlər Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra başlayacaq.
ERtv xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov AzərTAc-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, strateji əhəmiyyətli layihə olaraq, Naxçıvan ilə Bakı arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir.
A.Əsgərov layihə ilə bağlı bildiribr ki, Qarsdan Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 kilometr məsafədə yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, həmçinin yolun Naxçıvan hissəsində də təqribən 10 kilometrə yaxın dəmir yolu xətti tikilməlidir:
“Bu, mövcud dəmir yolu xəttini Sədərəyə qədər uzatmağa imkan verəcək. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının dəmir yol sistemi də yenidən qurulacaq”.
Qeyd edək ki, Azərbaycan hökuməti Qars-Naxçıvan dəmir yolunun inşası ilə bağlı layihənin hazırlanması barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq tapşırıq verib. Bununla əlaqədar olaraq, Nəqliyyat Nazirliyi nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb.