Milli Məclisin (MM) sədri Oqtay Əsədov NATO Parlament Assambleyasının prezidenti Hu Beylini qəbul edib.
ERtv xəbər verir ki, spiker NATO rəsmisi ilə ikinci görüşünun olduğunu bildirib.
“İlk görüşümüz Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun birgə tədbiri çərçivəsində baş tutub. Bu gün isə Siz NATO PA-nın Rouz-Rout seminarında iştirak etmək üçün ölkəmizdə səfərdəsiniz. Sizə seminarın işində uğurlar arzulayıram”, - deyən spiker qeyd edib ki, bu gün müstəqil Azərbaycan nüfuzlu beynəlxalq qurumlar, o cümlədən NATO ilə yaxından əməkdaşlıq edir.
“Biz həm də NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmuşuq. Ötən illər ərzində əməkdaşlığımız uğurla inkişaf edib. Azərbaycan təşkilatın dünyada sülhün bərqərar olması üzrə apardığı əməliyyatlarda yaxından iştirak edir. NATO-nun Parlament Assambleyası ilə əlaqələrimizin genişləndirilməsini önəmli hesab edirik.
İnanırıq ki, bu günlərdə Bakıda keçirilən seminar çərçivəsində aparılan müzakirələr Cənubi Qafqaz regionunda münaqişələrin aradan qaldırılmasına öz dəyərli töhfələrini verəcəkdir. NATO PA-nın bu istiqamətdə gördüyü işləri təqdirəlayiq hesab edirik”,-deyə O. Əsədov bildirib.
Spiker seminarda Ermənistan tərəfinin iştirakından söz açaraq, Bakıda keçirilmiş əvvəlki iki tədbirə onların qatılmadığını, bu dəfə isə seminarın işində müəyyən maneələr yaratmağa cəhd etdiklərini söyləyib:
“Belə süni maneələr Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Ölkəmiz NATO ilə gələcəkdə də əməkdaşlıq etmək niyyətindədir”.
H.Beyli isə Bakıya səfərindən və NATO PA ilə MM-in birlikdə təşkil etdikləri 86-cı Rouz-Rout seminarının işindən danışıb.
O, ev sahibi kimi tədbirin yüksək səviyyədə təşkilinə görə MM-in rəhbərliyinə təmsil etdiyi qurumun adından minnətdarlıq ifadə edib.
Tədbirdə Ermənistan nümayəndə heyətinin iştirakına toxunan qonaq Azərbaycanın bu məsələyə razılıq verməsini cəsarətli addım kimi dəyərləndirib.
O, seminarda müzakirə olunan mövzulardan söz açaraq, Qafqazın bu bölgəsində sabitliyin bərqərar olması üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, enerji təhlükəsizliyi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.