Əmrə Belözoğlu barəsində 2 ay 15 gün həbs qərarı çıxarılıb.
ERtv xəbər verir ki, “Fənərbaxça” klubunun və Türkiyə millisinin futbolçusu Əmrə Belözoğlu barəsində 2 ay 15 gün müddətinə həbs qərarı çıxarılıb.
Futbolçu “idmanda din, dil, irq, etnik kök, cinsiyyət və ya məzhəb fərqini büruzə verən hərəkətdə” günahkar bilinib.
Xatırladaq ki, Əmrə Belözoğlu “Fənərbaxça” və “Trabzonspor” arasındakı oyun zamanı rəqib komandanın futbolçusu Didyer Zokoranı təhqir edib. Bundan sonra Zokoranın vəkili məhkəməyə müraciət edərək Əmrənin barəsində irqçi baxışlarına görə iş qaldırılmasını istəyib. Futbolçu Türkiyə millisinin oyunçusunun ona “Fucking negro” dediyini bildirib.
Maraqlıdır ki, Əmrə baş verən olaydan dərhal sonra qatıldığı televiziya proqramında söylədiyi sözü etiraf etmişdi. Amma səhəri gün mətbuat konfransında bunun ona qarşı böhtan olduğunu bildirib.
Məhkəmə tərəfləri dinlədikdən sonra Əmrə Belözoğlu barəsində 2 ay 15 gün həbs qərarı çıxarıb. Amma futbolçunun bundan əvvəl belə bir cinayət işləmədiyini nəzərə alaraq və bir daha belə hərəkətə yol verməyəcəyi qənaətinə gələrək, cəzanın çəkilməsini təxirə salıb.