“İraq və Şam İslam Dövləti” terror qruplaşmasının üzvləri İraqın Diyala (paytaxtdan 60 km məsafədə yerləşir) əyalətinin inzibati mərkəzi olan Baquuba şəhərinin şimal-şərqində iki yaşayış məntəqəsini ələ keçiriblər.
ERtv-nin İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.
Bildirilir ki, Cəlaula şəhəri və Əs-Saadiya yaşayış məntəqəsi terrorçuların nəzarəti altına keçib.
Yaxın Şərq telekanalları İraq ordusunun silahlı terrorçuların təzyiqi altında ölkənin şimalından geri çəkilməsi kadrlarını yayımlayıblar. Bağdadın rəsmi mənbələri isə bir neçə uğurlu əkshücumların təşkil olunduğunu və şayiələrə inanaraq təşvişə düşməməyə çağırıb.
Qeyd edək ki, İraqdan gələn məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir.
Belə ki, cümə axşamı təsdiq olunmamış məlumatlara görə, İŞİD terrorçuları artıq Bağdad istiqamətində hərəkətə başlayıblar. Onların paytaxtın bir neçə yüz metrliyində olduğu bildirilir.
İraqın Müdafiə Nazirliyi məlumat verir ki, onlar Səddam Hüseynin doğma şəhəri olan Tikrit şəhərini terrorçulardan azad ediblər.
Bu ərəfədə Bəsrədə yüzlərlə insanın terrorçularla döyüşə atılmaq üçün çağırış məntəqələrində növbəyə düzülməsi xəbəri də yayılan məlumatlar sırasındadır.